Tanınmayan diplomun təsdiqi



Bu dəfə tanınmayan diplomların təsdiqindən yazacam.

Bu nə deməkdir?


İş axtarma vizası barədə yazarkən müraciət edənin (bundan sonra applikant) diplomunun tanınması, daha doğrusu Almaniyanın tanınmış diplomlar siyahısında tapılması barədə söz açmışdım. İndi isə bu barədə daha ətraflı..

Almaniya höküməti diplom və orada yazılmış ixtisas mövzusuna daha həssas yanaşır. Belə ki, Almaniyada aviasiya sahəsində oxuyub bitirmiş birisi İT sahəsində çalışa bilməz, daha dəqiq desək ona viza verməzlər.

ANABIN
Anabin dediyimiz bir məlumat bazasıdır. Almaniyanın KULTUSMINISTER KONFERENZ adlı qurumu, bizim dillə desək Təhsil Nazirliyi tanıdığı ali təhsil müəssisələrini və onların ixtisas və fakültələrini bir bazaya yığıb və bütün qurumlar sənin diplomunda yazılanları oradakı məlumat ilə qarşılaşdırır. http://anabin.kmk.org buradan öz diplomunuzu (əgər siyahıd varsa) tapa bilərsiz. Məsələn Tətbiqi Riyaziyyat elə bu şəkildə (həmçinin rusca) siyahıda yazılıb.

Başıma gələnlər
Bir az öz başıma gələnlərdən danışım. Visa ("İş axtarışı") almazdan öncə öz fakültəmi burada (anabin) görməyib çox məyus olmuşdum. Əslində səbəb bu idi ki, bazada "Tətbiqi riyaziyyat" var idi, "Komputer riyaziyyatı" kəliməsi / fakültəsi yox idi. Səfirlik daha doğrusu Almaniyanın Bakıdakı konsulluğu mənim diplomumu ZAB deyilən quruma göndərdi (əslində email şəklində göndəribmiş, sonradan bilmişəm 😉) ZAB yuxarıda qeyd etdiyim qurumun bir hissəsidir, həm Bonn həm də Berlində yerləşir. Bu qurumun işi gücü bilmirəm nədir, lakin əsas profili diplomları təsdiqləməkdir. Bu proses 3 aydan çox çəkdi və diplomumu təsdiqlədilər (email yazmaqla) və vizamı aldım.
Bəs sonra? Sonra Almaniyada oturum (Blau Kart) müraciət edərkən sus pus mənə 3 illik viza verildi. Mən də heç nəyə diqqət yetirmədən sevincək "artıq vizam var" deyə işlərimə davam etdim. Əslində mənə verilən vizanın Blau Kart olmadığını, gec, yəni ailəm viza almaq üçün müraciət edərkən bildim.
Ailəm müraciət edərkən (Ailə birləşməsi) həyat yoldaşıma Almanca (A1) sertifikat tələb edəndə, məsələni araşdırıb anladım ki, sən demə mənə təqdim edilən viza § 19.4 deyil §18 .3 (əgər doğru yadımda qalıbsa) qanununa əsasən viza verilib. Buna səbəb: BlauKart qaydalarına əsasən əgər işçinin maaşı göstərilən limitdən (48800) aşağıdırsa, ona blau kart düşmür, yox əgər filan (İT, mühəndis, həkim) ixtisas sahibidirsə onda bu limit başqa bir rəqəmlə (38500 EUR) ölçülür. Mənim halım ikinci hal olduğu üçün mən hansı ixtisas sahibiyəm?! deyə sual ortaya çıxır. Bu suala da sənin CV-in və ya ağ xalatın və ya eynəklərin deyil yalnız diplomun cavab verir. İndi yəgin ki aydın oldu niyə bu qədər ətraflı yazmışam ki, oxuculara tam aydın olsun. (-təşəkkürlər! 😉). 
Həə, bəli ortaya yenə mənim bu "tanınmamış" diplomum bəlası gəlir.. Auslanderbehörde dən soruşdum ki, niyə verməmisiz mənə düşən vizanı, təbii ki cavab "sizin diplomu anabin siyahısında tapa bilmədik" oldu.
"Yaxşı bəs mən nə edim?" deyə dərd bürüdü məni. İlk olaraq konsulluğa (Bakıdakı) məktub yazdım ki, "Bəlkə sizdə arxivdə qalıb?" Çox qısa zamanda onların öncədən ZAB dan aldıqları rəsmi emailin nüsxəsi (forward) mənə göndərildi. Qısa deyim, bu email sadəcə vərəq olduğundan işimə yaramadı, lakin həmin emaildəki şəxslə  əlaqə saxlayıb yenidən diplomumu "tanıtmaq" üçün məsləhətləri ala bildim.
ZAB-a rəsmi müraciət etdim, mənim əlimdə əmək müqaviləsi (arbeitsvertrag) var idi deyə mənim işim 2 həftə (yox əgər bu müqavilə olmasaydı 3 ay) və 300eur təxmini xərcim çıxdı. Və paketdə mənim diplomumun təsdiqini geri göndərdilər. 
Proses
Tələb olunan sənədlər Diplom + notarial tərcümə, Məktəb attestatı (tərcümə ehtiyyac yoxdur), iş kontraktı, doldurulmuş xüsusi forma (saytlarında var).
Əvvəlcə bütün sənədləri göndərirsiz Bonn şəhərinə (Formada ünvan qeyd edilib), hər şey qaydasındadırsa pul köçürməyi tələb edirlər (200eur deyəsən), sonra nəsə çatışmazlıqlar olsa o sənədləri tələb edəcəklər. Mənim halmda məktəbin attestatını tələb etdilər.
Əslində proses ağır idi, diplomun içlik kağızında saat sayı, və əyani olması heç harda yazılmamışdır və s. bu kimi problemlər olduğuna görə təhsil müəssisəsindən (Az. Neft Akademiyası) rəsmi sənəd tələb etdilər. Yəgin başa düşdüz, Azərbaycanda bir universitetdən keçmişə aid sənəd almaq nə deməkdir! Bəli hamı kimi mən də adam tapıb, bu işi həll etdim (bu da asan deyildi, məcbur elədilər mənim burda işlədiyim şirkətin müdiri rəsmən email yazdırdılar guya tələb edən var).  Məktəbin attestatını əldə etmək də bir dərd idi, "adam" sağolsun onu da universitetin arxivindən kopyasını göndərdi.
Bax belə... çox keşməkeşli olsa da diplomumun təsdiqini əldə edib, öz vizamı yenilədim.

Comments